Keçid linkləri

2025, 04 Avqust, Bazar ertəsi, Bakı vaxtı 18:36

Azərbaycan qazının Suriyaya axını başlayıb

update

Türkiyə və Azərbaycandan Suriyaya təbii qaz ixracına başlanılıb.
Türkiyə və Azərbaycandan Suriyaya təbii qaz ixracına başlanılıb.

Avqustun 2-də Azərbaycan qazı Türkiyə vasitəsilə Suriyaya göndərilməyə başlayıb.

Türkiyənin enerji naziri Alparslan Bayraktar Türkiyə-Suriya Təbii Qaz Boru Kəmərinin açılış mərasimində deyib ki, ilkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixrac edilə bilər. Nazirin sözlərinə görə, bu təbii qazla təxminən 1200 meqavat gücündə elektrik stansiyası fəaliyyətə başlayacaq və bununla da 5 milyon evin elektrik ehtiyacı qarşılanacaq.

Nazir yada salıb ki, oxşar layihə martda Naxçıvanla gerçəkləşdirilib. İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri ilə Naxçıvana Türkiyə üzərindən fasiləsiz təbii qaz axını başlayıb.

İyulun 14-də Suriya və Azərbaycan Bakıda memorandum imzalayıb. Türkiyə razılaşmada əsas tranzit tərəfdaşıdır.

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa bu il iyulun 12-də Azərbaycana səfər edib. O, prezident İlham Əliyevlə iqtisadi, enerji tərəfdaşlığı imkanlarını müzakirə edib. İ.Əliyev Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin gerçəkləşəcəyini, bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd edib.

Suriyada Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib və keçmiş prezident Rusiyaya qaçıb. Əsəd devrildikdən sonra Əhməd əl-Şaraa Suriyanın keçid prezidenti olub.

"Türkiyəyə jest"

Enerji məsələləri üzrə ekspert Bryus Pannier deyir ki, burda böyük geosiyasi dividentləri Türkiyə əldə edəcək, çünki Türkiyə qaz tranziti mərkəzinə çevrilir.

O qeyd edir ki, Azərbaycan hökuməti Suriyanı böyük alıcı kimi görmür, çünki Körfəz ölkələrinin planı baş tutsa - Suriyanı Avropaya qaz tranziti kimi istifadə etsə, bu zaman Suriyanın Azərbaycandan qaz almaq ehtiyacı olmayacaq: "Azərbaycanın əsas hədəfi Avropa bazarıdır, orada qaz daha baha qiymətə satılır. Amma indiki razılaşma Avropaya da siqnal göndərir: "Bizdə əlavə qaz var, sadəcə infrastruktur genişləndirilməlidir". 1.2 milyard kubmetr qazı artıq Suriyaya sata bilirlərsə, sabah bu qazı Avropaya yönləndirmək mümkündür. Azərbaycan artıq Avropa İttifaqına qaz satır, lakin bu, oradakı potensial müştərilərə göstərir ki, Azərbaycan nəinki 10 milyard kubmetrdən daha çox qaz çatdırmaq iqtidarındadır, yaxın bir neçə ildə bunu artırmaq niyyətindədir".

Pannier düşünür ki, Azərbaycanın Suriyaya qaz satmasına razılıq elə Türkiyəyə etdiyi jestdir. Türkiyə Suriyada bərpa işləri görür və bunun üçün enerji lazımdır.

Azərbaycanın Suriyaya qaz satması ilk hal deyil. "EurasiaNet" dərgisi 2013-cü ildə yazırdı ki, ilk belə təşəbbüs 2009-cu ildə Suriyanın ovaxtkı prezidenti Bəşər Əsədin dövründə irəli sürülüb, daha sonra Suriyada başlayan vətəndaş müharibəsinə və Türkiyənin Əsədə qarşı tutduğu mövqeyinə görə bu layihə dayandırılıb.

XS
SM
MD
LG