'Crocus' terroru ilə bağlı 19 şübhəlinin məhkəməsi başlayıb

Müttəhimlər

Bu gün, avqustun 4-də ötən il Moskva yaxınlığında yerləşən "Crocus City" konsert məkanına hücumda ittiham olunan 19 şübhəlinin məhkəməsi başlayıb.

2024-cü ilin martında baş verən hücumda 140-dan çox şəxs ölüb, 550-dən çox şəxs yaralanıb. Hücuma görə məsuliyyəti daha çox Mərkəzi Asiya ölkələrinin vətəndaşlarını öz sıralarına cəlb etməklə tanınan "İslam Dövləti-Xorasan" (İŞİD-K) ekstremist terrorçu qrupu öz üzərinə götürüb.

Məhkəmə sənədlərinə görə, hücumda təqsirləndirilən dörd nəfər – hamısı Tacikistan vətəndaşlarıdır – və 15 cinayət ortağı terrora kömək etmək, təlim keçmək, təşkil etmək və terror hücumunda iştirakda ittiham olunurlar.

Rusiya İstintaq Komitəsi isə bu hücumda Ukraynanın izini tapmağa çalışıb. Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko bildirib ki, cinayət "Rusiyada siyasi vəziyyəti pozmaq məqsədi ilə Ukraynanın hazırkı rəhbərliyinin maraqları naminə" planlaşdırılıb və törədilib. Petrenko baş vermiş terror aktında Ukrayna rəhbərliyinin əli olduğunu təsdiqləyən heç bir sübut təqdim etməyib.

İttiham olunan şəxslər ilk dəfə 2024-cü ilin martında məhkəmə qarşısına çıxarılıblar və onların üzərində zorakılıq əlamətləri qeyd alınıb. Bu şəxslərin etnik mənsubiyyəti Rusiyada Mərkəzi Asiya ölkələrindən olan şəxsləri də etnik cəhətdən hədəfə çevirib, onlara qarşı əsassız həbslərin, eləcə də ifrat sağçı millətçi qruplar tərəfindən ksenofobiya və zorakılıq hallarının artmasına səbəb olub.

2024-cü ilin yayında Rusiya hökuməti qanunvericiliyə dəyişiklik edərək polisə miqrantları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq üçün daha çox səlahiyyət verib.

"Human Rights Watch" təşkilatı 2025-ci il mart hesabatında bildirib: "Rusiya hökuməti ksenofob hərəkətləri pisləməyərək, əksinə, Mərkəzi Asiyadan olan miqrantları hədəfə almağı gücləndirib".

Rusiya miqrant əməyindən çox asılıdır və 2024-cü ilin statistikasına görə, Rusiyada Mərkəzi Asiyadan olan 3.3 milyona yaxın işçi çalışır.

Ölkə iqtisadiyyatında oynadıqları vacib rola baxmayaraq, Rusiya rəsmiləri Mərkəzi Asiyadan gələnlərə qarşı təzyiqləri gücləndirməyə davam edir.

"Crocus City" hücumu 2004-cü ildə Beslanda məktəbdəki terrordan sonra ən dəhşətli terror aktı hesab olunur. Beslandakı məktəbin mühasirəsi zamanı çoxu uşaq olmaqla 333 nəfərin həlak olub.