Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Amerikanın iki nüvə sualtı qayığını "müvafiq regionlara" göndərmək qərarını şərh edərkən deyib ki, "hamı nüvə ritorikası ilə bağlı son dərəcə ehtiyatlı olmalıdır".
Bu, avqustun 1-də Trampın sualtı qayıqların yerləşdirilməsi ilə bağlı qərarına Kremlin ilk reaksiyasıdır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin "Teleqram" hesabında ABŞ-yə qarşı təhdidlərinə cavab olaraq Tramp belə bir qərar qəbul etdiyini "Truth Social" platformasında bildirib.
"Ümumiyyətlə, təbii ki, mən heç bir şəkildə belə mübahisəyə qarışmaq istəməzdim və heç bir şəkildə bu barədə şərh vermək istəməzdim", - "İnterfaks" Peskovdan sitat dərc edib.
"Kreml Dmitri Medvedevə onlayn ritorikasında qarşıdurma tonunu azaltmağı tövsiyə etməlidirmi" sualına cavab olaraq, Peskov bildirib: "Hər bir ölkədə rəhbərlik üzvlərinin baş verənlərə fərqli baxışları, fərqli münasibət var. Lakin əsas məsələ, əlbəttə ki, prezident Putinin mövqeyidir".
Bir neçə gün əvvəl D.Medvedev X sosial şəbəkəsində Trampa müraciət edərək bildirib ki, onun Rusiyaya verəcəyi ultimatumlar "müharibəyə doğru addım" ola bilər. O, Trampı Moskvanın Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham etdiyi keçmiş ABŞ prezidenti Co Baydenin yolu ilə getməməyə çağırıb.
ABŞ prezidenti isə cavabında "Truth Social" şəbəkəsində yazıb ki, iki nüvə sualtı qayığının müvafiq ərazilərə yerləşdirilməsi ilə bağlı göstəriş verib. "Sözlər böyük önəm daşıyır və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu halda belə bir şey baş verməyəcək".