ABŞ prezidenti Donald Tramp bildirib ki, onun xüsusi nümayəndəsi Stiv Uitkoff avqustun 6-sı və ya 7-də Rusiyaya səfər edə bilər.
Ötən həftə Uitkoff İsraildə səfərdə olarkən Tramp onu Moskvaya göndərəcəyini demiş, lakin dəqiq tarix barədə məlumat verməmişdi.
Tramp avqustun 3-də jurnalistlərə verdiyi açıqlamada bir daha xəbərdarlıq edərək bildirib ki, əgər Moskva avqustun 8-dək Ukraynada atəşkəslə razılaşmasa, ona qarşı sanksiyalar tətbiq olunacaq.
"Sanksiyalar olacaq, amma, görünür, onlar sanksiyalardan yayınmaqda kifayət qədər bacarıqlıdırlar", - Tramp deyib. "Onlar hiyləgər adamlardır və sanksiyalardan yayınmaqda çox məharətlidirlər, ona görə də nə baş verəcəyini görəcəyik", - o əlavə edib.
İkinci dərəcəli tariflər, çox güman ki, Rusiya neftinin iki ən böyük alıcısı olan Çin və Hindistanı hədəf alacaq.
Trampın atəşkəsin əldə olunması ilə bağlı Moskvaya verdiyi vaxtın bitməsi yaxınlaşarkən Ukrayna və Rusiya qarşılıqlı zərbələr endirməyə davam edir.
Avqustun 3-də Zaporojye vilayətinin qubernatoru İvan Fedorov bildirib ki, Rusiyanın son zərbələri nəticəsində üç mülki şəxs həlak olub.
Rusiya səlahiyyətliləri isə eyni gündə Ukrayna dronlarının Soçidəki regional neft anbarını yandırdığını bildirib. Alovun söndürülməsi üçün 120-dən çox yanğınsöndürən lazım olub. Soçi meri Andrey Proşunin xəsarət alanların olmadığını bildirib.
Artan hücumlar və razılaşma üçün yaxınlaşan son tarix fonunda Tramp avqustun 1-də bəyan edib ki, o, nüvə silahı daşıya bilən sualtı qayıqları "müvafiq" bölgələrə yerləşdirib. Trampın sözlərinə görə, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin "son dərəcə təxribat xarakterli" açıqlamaları səbəbiylə həmin sualtı qayıqları "Rusiyaya daha yaxın" mövqelərə yerləşdirmək qərarına gəlib.
ABŞ prezidenti bunun nüvə ilə işləyən, yoxsa nüvə silahı ilə silahlanmış sualtı qayıqlar olduğunu açıqlamayıb.
"Rusiyanın keçmiş prezidenti tərəfindən təhdid səsləndirildi və biz öz xalqımızı qoruyacağıq", - ABŞ prezidenti jurnalistlərə deyib.
Rusiya prezidenti Vladimir Putin isə amerikalı həmkarının son müddət açıqlamasına, hələlik, açıq şəkildə reaksiya verməyib. O, zaman-zaman sülhə maraqlı olduğunu bildirsə də, onun şərtləri Kiyev üçün tamamilə qəbuledilməzdir.